Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb

29 noyabr 2022 | 19:26
Mədəniyyət naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Qəbulların məqsədi sakinlərin müraciət və problemlərinin yerində dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılmasıdır.
Bu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ayın 29-da Yevlax Şəhər Heydər Əliyev Mərkəzində görüş keçirib. Görüşdə Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon sakinləri, eləcə də digər rayonlardan qəbula yazılmış vətəndaşlar iştirak edib.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2005-ci ildən fəaliyyət göstərən mərkəzdə xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.
Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən, işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, şəhidin adının təhsil ocağında əbədiləşdirilməsi, şəhidlər haqqında sənədli filmlərin yerlərdə nümayişinə dəstək göstərilməsi, fəxri adın verilməsi, mədəniyyət ocaqlarının fəaliyyəti və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Keçidlər