Maarifləndirici görüşlər davam etdirilib
11 avqust 2026 | 14:06
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Yevlax rayonunda icrası istiqamətində fermerlərlə maarifləndirici görüşlər davam etdirilir.
Növbəti görüş Yevlax rayonunun Aran bələdiyyəsi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermerlərin iştirakı ilə keçirilib.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər və fermerlər iştirak ediblər.
Görüş zamanı kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin dəstəklənməsi, əkin sahələrindən daha səmərəli istifadə, məhsuldarlığın artırılması və müasir aqrotexniki yanaşmaların tətbiqi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Çıxış edənlər Dövlət Proqramının qarşıdakı illərdə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli istehsalın formalaşdırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, məhsul istehsalı və emalının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalı zamanı aqrotexniki qaydalara düzgün əməl olunması, torpaqlardan səmərəli və məqsədyönlü istifadə, suvarma imkanlarından düzgün yararlanma, su ehtiyatlarına qənaətlə yanaşma və əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Eyni zamanda, kənd təsərrüfatı istehsalçılarını maraqlandıran məsələlər, mövcud problemlər və onların həlli yolları diqqətdə saxlanılıb. Fermerlərin suvarma, meliorasiya, əkin sahələrinin becərilməsi, məhsuldarlığın yüksəldilməsi, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə və digər istiqamətlər üzrə sualları cavablandırılıb, aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq izahatlar verilib.
Bildirilib ki, belə görüşlərin keçirilməsində əsas məqsədlərdən biri fermerlərin qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi, onları maraqlandıran sualların cavablandırılması, kənd təsərrüfatı sahəsində tətbiq olunan yeniliklər və dövlət dəstəyi tədbirləri barədə istehsalçıların məlumatlandırılmasıdır.
Fermerlərlə birbaşa ünsiyyətin və qarşılıqlı fikir mübadiləsinin aqrar sahədə mövcud məsələlərin daha operativ şəkildə müəyyənləşdirilməsi və həlli baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Görüş çərçivəsində fermerlərin təklif və müraciətləri də dinlənilib, səsləndirilən məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, Yevlax rayonunda kənd təsərrüfatının inkişafı, fermerlərin maarifləndirilməsi və aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.






