İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
06 avqust 2026 | 18:15
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasının monitorinqi və hesabatlılığının təşkili ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib.
Təlimdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı da iştirak edib.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxışında bildirib ki, rəqəmsal həllərin tətbiqi hesabatlılıq prosesinin daha operativ və səmərəli təşkilinə imkan yaradır. O vurğulayıb ki, təlimlərin məqsədi yerli icra hakimiyyəti orqanlarının Fəaliyyət Planı üzrə öhdəliklərinin icrasına dair hesabatların hazırlanması və "e-monitorinq" portalı vasitəsilə təqdim olunması mexanizmi barədə iştirakçıların praktiki biliklərini artırmaqdır.
İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Fəaliyyət Planında yerli icra hakimiyyəti orqanları tərəfindən icrası nəzərdə tutulan tədbirlər, onların həyata keçirilməsi üçün Yol Xəritələrinin hazırlanması və indikativ planlaşdırmanın tətbiqi barədə təqdimatla çıxış edib.
İİTKM-in şöbə müdiri İsmət Mehrəliyeva təlim iştirakçılarına e-monitorinq portalında hesabatların yaradılması, məlumatların daxil edilməsi, təsdiqlənməsi və təqdim olunması mərhələləri barədə ətraflı məlumat verib. Təqdimat zamanı yeni modulun funksional imkanları əyani şəkildə izah olunub, hesabatların modul vasitəsilə təqdim edilməsi prosesi diqqətə çatdırılıb.
Sonda təlimdə iştirak edən yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin sualları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İİTKM-in əməkdaşları tərəfindən cavablandırılıb






