İcra Hakimiyyətinin Başçısı pambıq tarlasında oldu
28 sentyabr 2022 | 15:30
İcra Hakimiyyətinin Başçısı pambıq tarlasında oldu
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bu il Yevlax rayonunda “MKT-İK” MMC və “P- Aqro” MMC ilə müqavilə bağlanılmaqla pambıq becərilib. Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin edilib.
Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib. 18.09.2022-ci il tarixdən Yevlax rayonunda pambıq yığımına start verildi.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və aidiyyəti təşkilatların rəhbərləri pambıq sahəsində olub, fermerlərlə söhbətlər aparıb. Aidiyyəti şəxslərə pambıq yığımında Şəhər İcra hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, sahələrdə defolyasiya işləri aparıldıqdan sonra pambıqyığan kombaynlarla pambıq yığımına başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi, pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.