İcra Hakimiyyətinin Başçısı idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olan yevlaxlı idmançı ilə görüşüb
10 fevral 2026 | 11:35
İcra Hakimiyyətinin Başçısı idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olan yevlaxlı idmançı ilə görüşüb
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bir neçə gün öncə Gəncə İdman Sarayında təşkil olunan Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatında 79 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan yevlaxlı sərbəst güləşçi Elcan İsmayılzadə ilə görüşüb. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi Yevlax rayonu üzrə gənclər və idman sektorunun müdiri Samir Kərimov və sərbəst güləşçi Elcan İsmayılzadə və onun məşqçisi Şöhrət Şükürov iştirak etmişdir.
Görüş zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qələbə münasibətilə Elcan İsmayılzadəni təbrik etmiş, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə idmana, idmançılara göstərilən diqqət və qayğıdan, idmanın inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.
İcra Hakimiyyətinin Başçısı Möhtərəm Prezidentin diqqət qayğısı sayəsində Yevlaxda idmanın inkişafı üçün mühüm addımlar atıldığını qeyd edərək bildirmişdir ki, şəhərimizdə Yevlax Olimpiya İdman Kompleksinin inşa olunması buna əyani misaldır. Eyni zamanda vurğulamışdır ki, beynəlxalq yarış olan III MDB oyunları çərçivəsində boks yarışları şəhərimizdəki Olimpiya İdman Kompleksində yüksək səviyyədə təşkili və keçirilməsi rayonumuzda idmanın inkişafına güclü təkan verir.
Şəhər İcra Hakimiyyətinin Başçısı yevlaxlı idmançının qələbə qazanmasının çox qürurverici hal olduğunu bildirmiş, bundan sonrakı işlərində və idman sahəsindəki fəaliyyətində uğurlar arzulamışdır.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, idmançı Elcan İsmayılzadə və onun məşqçisi Şöhrət Şükürov ölkəmizdə idman sahəsinə göstərilən yüksək dövlət qayğısına, eləcə də idmançıların inkişafı üçün yaradılan münbit şəraitə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.
Bildirək ki, 2007-ci ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olan İsmayılzadə Elcan Nəsib oğlu uşaq yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmuş, Ölkəmizi müxtəlif beynəlxalq tunirlərdə təmsil edərək uğurlar qazanmışdır.
Sonda Elcan İsmayılzadə və məşqçisi Şöhrət Şükürov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı ilə təltif edildilər.
Onu da qeyd edək ki, Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatında iştirak edən daha bir yevlaxlı idmançı İsmayılov Mühəmməd Valeh oğlu 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanmışdır.






