Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər günü münasibətilə “N” saylı hərbi hissədə tədbir keçirilmişdir

01 fevral 2023 | 20:32
Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı və Yevlax şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yevlax rayonu ərazisində dislokasiya olunmuş “N” saylı hərbi hissədə “2 fevral - Azərbaycan gəncləri günü” münasibətilə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnini oxuması ilə başlandı. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Azərbaycanda gənclər hərəkatının tarixindən, Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən xüsusilə danışdı. Qeyd etdi ki, müasir Azərbaycanın gənclər siyasəti Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi. Məhz I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.
Bu gün Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir. Ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Gənclərin döyüşlərdə qəhrəmancasına iştirak edərək, bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında qeyd etdi ki, hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu günümüzün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Onun siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. Müasir dövrümüzdə də Azərbaycan dövləti , şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.
44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır.
Yevlax şəhər Gənclər və İdman İdarəsinin Rəşad Bəhmənli, “N” saylı Hərbi hissənin komandiri Polkovnik-Leytenant Elvin Rzayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Elvin Əjdərli çıxışlarında ölkədəki gənclər hərəkatına, orduya göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.
Hərbi xidmətdə fərqlənmiş əsgərlər hədiyyələr ilə mükafatlandırıldılar.
Sonda Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində musiqi və rəqs nömrələrinin təsiri altında xeyli əylənmiş, şən və unudulmaz anlar yaşayıblar.
 
 
Keçidlər