Daxili İşlər Nazirliyinin Polis Akademiyası Yevlaxda tədbir keçirib
26 oktyabr 2022 | 14:33
Daxili İşlər Nazirliyinin Polis Akademiyası Yevlaxda tədbir keçirib
Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən Yevlax rayonunda Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev, Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi, polis polkovnik leytenantı Eldəniz Kazımov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax rayon Polis Şöbəsinin əməkdaşları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın təkidli tələbi ilə dövlət idarəçiliyinə qayıtmasından sonra başlanan Qurtuluş missiyası bütün sahələrdə olduğu kimi, respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündəki fəaliyyətdə də əsaslı dönüş yaratdı. Qarabağ bölgəsində atəşkəs əldə edildikdən sonra Azərbaycanın qarşısında yeni bir cəbhədə mübarizə aparmaq zərurəti yaranmışdı. Ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqaların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün ciddi təhlükəyə çevrilmişdilər. Hakimiyyətə yeni gəlmiş ümummilli lider Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri elan etdi. Ulu Öndərin bütün sahələrdə həyata keçirdiyi siyasəti uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğı nəticəsində polis orqanlarının fəaliyyəti yeni dövrün tələblərinə uyğun müasirləşdirilmiş və təkmilləşdirilmişdir. Nəticədə bu gün Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə nəinki MDB ölkələri arasında, ümumiyyətlə, Şərqi Avrora məkanında öncül dövlətlərdəndir. Bu müvəffəqiyyət göstəricisi, şübhəsiz, ulu öndər Heydər Əliyevin fədakar fəaliyyətinin və onun missiyasının layiqli davamçısı Prezident İlham Əliyevin xalqa və dövlətə xidmət siyasətinin əzəmətli təsdiqidir. Həmin nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının da müstəsna xidmətləri olmuşdur.
Həmçinin qeyd etdi ki, Polis Akademiyasının qarşısında duran əsas vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və diqqətə malik polis zabitləri hazırlamaqdan ibarətdir. Akademiyanın fərqliliyi ondan ibarətdir ki, müdavimlər burada yaşayır, gündə üç dəfə təmiz və keyfiyyətli qida ilə təmin olunurlar.
Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax təhsil sektorunun müdiri Namidə Abbasova çıxışlarında gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin, müasir informasiya texnologiyaları bacarıqlarına yiyələnməsinin əhəmiyyətini qeyd ediblər. Gənclərimizə yaxşı təhsil almağın vacibliyi diqqətə çatdırıblər.Həmçinin Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusunda bəhs olunub.
Sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi, polis polkovnik leytenantı Eldəniz Kazımov çıxış edərək Polis Akademiyasına qəbul qaydaları, orada yaradılmış maddi sosial baza haqqında məlumat vermişdir.
Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.