Bakı şəhərində Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib
23 oktyabr 2023 | 20:24
Bakı şəhərində Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib
Ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.
Qurultaydan öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Qurultayın açılışında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra “Heydər Əliyev və Dövlət Qadın siyasəti” haqqında film nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.
Ardınca açılış nitqləri dinlənilib. Qurultayı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib.
Daha sonra Baş nazirinin müavini Əli Əhmədov, Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın çıxışları dinlənilib. Qadınların hüquqlarının təmin olunması istiqamətində fikir və təkliflər səsləndirilib.
Çıxışlardan sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin video-təbriki dinlənilib.
Qurultay panel müzakirələrlə davam edib. Sonda Azərbaycan Qadınlarının Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxundu. Qurultay bədii proqramla yekunlaşıb.
Qurultayda Yevlax rayonundan Şəhər İcra Hakimiyyətini Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,Mərkəzi Aran regional Təhsil İdarəsi Yevlax şəhər 1 saylı körpələr evi-uşaq bağçasının direktoru Aytən Kərimli iştirak edib.