Aşağı Bucaq kəndində sakinlərin müraciətləri dinlənildi
24 noyabr 2022 | 14:11
Yevlaxda sakinləri narahat edən məsələləri yerində araşdırılması və müəyyən edilmiş problemlərin vaxtında, operativ şəkildə aradan qaldırılmasını təmin edilməsi məqsədi ilə mütəmadi olaraq rayon ərazisindəki yaşayış məntəqələrində səyyar qəbullar keçirilir.
Növbəti səyyar qəbul rayonun Aşağı Bucaq kəndində keçirilib.
Qəbulda Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri,rayonun hüquq mühafizə orqanlarının, idarə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin Başçısı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda həmçinin sakinlərə şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin ərazidə görülən işlərlə bağlı təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilib.
Vətəndaşlar sakinlərin müraciətlərinə baxılması üçün yerlərdə görüşlərin keçirilməsindən razılıqlarını bildirib, onlara göstərilən diqqət və qayğıya görə Ölkər Rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Nəzərinizə çatdıraq ki, vətəndaşlarla görüşlər hər həftənin çərşənbə axşamı saat 11:00-da Şəhər İcra Hakimiyyətinin inzibati binasında, hər həftənin cümə axşamı isə tərtib edilən qrafikə uyğun olaraq müəyyən edilmiş yaşayış məntəqələrində olaraq keçirilir.