Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Yevlaxda tibbi aksiya təşkil edilmişdir
26 may 2024 | 14:46
25-26 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tibbi aksiya keçirilmişdir. Tibbi aksiyanın əsas məqsədi Yevlax rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir. 2 günlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.Tibbi aksiyada 258 sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və digər xəstəliklər aşkar olunub. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Eyni zamanda, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının həkimləri və işci heyəti Sevinc Cəlilova, Elçin Əsgərov, tibb bacısı Aygün Ələkbərova və Aytac Rəsulova tərəfindən həyata keçirilmişdir.