Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Azərbaycan son 18 ildə” adlı tədbir keçirildi

22 dekabr 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının 22 dekabr 2021-ci il tarixdə “Azərbaycan son 18 ildə” mövzusunda keçirdikləri tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı İlham Məmmədov Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin 18 ildə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, onun rəhbərliyi ilə Azərbaycanın iqtisadi-siyasi və hərbi gücünün artmasını, xalq-iqtidar birliyinin vəhdət təşkil etməsini, Vətən sevgisinin böyüklüyü fonunda möhtəşəm Qələbəyə imza atılmasını xüsusi qeyd etdi.
Natiq bildirdi ki, 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu Azərbaycanı son 18 ildə qüdrətli, regionda ən inkişaf etmiş bir dövlətə çevirməyi bacarmışdır. Onun  təşəbbüsü ilə respublikamızda bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan vətəndaşının bugünkü və gələcək rifahı kimi ali dəyərlərə söykənir.
Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bugün cənab İlham Əliyevin sədrliyi ilə həyata keçirdiyi məqsədyönlü siyasətlə ölkəmizdə milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir.     
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında qeyd etdi ki, dünya səviyyəli lider olan cənab İlham Əliyev respublikamıza rəhbərlik etdiyi son 18 il ərzində ölkəmizdə idarəçiliyə yeni ruh və müasirlik gətirmiş, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə sadiqliyini əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə vətəndaşların yanında olmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslimçiliyə məhkum etdi. Və Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhrünü vurdu.
Ulu öndər Heydər Əliyevin həyata keçirməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə cənab Prezident xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlməkdədir. Bugün xalqımız ölkə başçısına inanır, güvənir və yüksək etimad göstərir. Fəxrlə qeyd etməliyik ki, yeni əsrin yeni lideri İlham Əliyev 18 ildə tarixin ən qüdrətli Azərbaycanını qurmağı bacardı.
Tədbirdə çıxış edən Yəldilli kənd tam orta məktəbin direktoru Orxan Baxşalıyev, YAP Yevlax rayon təşkilatının fəalı, DQİDK-nın Yevlax şəhər şöbəsinin əməkdaşı Fərid Vaqifli cənab Prezident İlham Əliyevin, Heydər Əliyev fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilə, mədəniyyətə, incəsənətə, gənclərə və idmana göstərdikləri diqqət və qayğısından, son 18 ildə Azərbaycanda gənclər siyasəti, idman sahəsində qazanılmış uğurlardan, eləcə də bu sahədə Yevlax rayonunda həyata keçirilən geniş işlərdən ətraflı danışdılar.
Tədbirdə iştirak edən rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiətin nümayəndələri Azərbaycanın son 18 ildə keçdiyi uğurlu yolu özündə əks etdirən videoçarxı böyük maraqla izlədilər və alqışlarla qarşıladılar.

Keçidlər