ÖLKƏNİN BİRİNCİ XANIMINA ORDEN VERİLDİ
Azərbaycanın birinci xanımı, Heydər Əlyiev Fondunun Prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb.
Qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib. Mehriban Əliyeva rəhbərlik etdiyi Fondun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd edib. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, «Dostluq» körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun Prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyni söyləyib.
Qeyd edilib ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Fondun Prezidenti Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək Aleksandr Jilkinə minnətdarlıq edib.
Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğulayıb.
Qubernator qeyd edib ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə qubernator Aleksandr Jilkin Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycanla Həştərxan arasında birbaşa aviareysin açılması, Fondun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsi, balıqçılıq sahəsində əməkdaşlıq məsələləri barədə də danışıb, Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə ediblər. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirilib.
Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya «Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə» ordenini və xatirə hədiyyəsini təqdim edib