Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ümummilli Lideri Heydər Əliyevin Anım günü münasibəti ilə tədbir keçirilib

10 dekabr 2021 | 16:00


    Yevlaxda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım günü münasibəti ilə Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
   Öncə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Anar Tağıyev, Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlham Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra tədbir YAP Yevlax rayon təşkilatında davam etdirildi. Əvvəlcə tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax  Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Bu gün qürurlu vətəndaşı olduğumuz, nailiyyətləri ilə fəxr etdiyimiz bu dövləti yaradan insan məhz Heydər Əliyevdir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu yüksəlişinə görə ilk növbədə Ulu Öndərə borclu və minnətdardır. Onun qoyduğu düzgün təməl, sağlam bünövrənin nəticəsi bugünkü inkişafın yüksək dinamikasıdır, hər sahədə davam edən intibahdır. Ulu öndər Heydər Əliyevin bioqrafiyası dövlətimizin və xalqımızın ən şanlı tarixidir, zəfər salnaməsidir. Heydər Əliyevin həyatı dövlətimizin və xalqımızın tarixi ilə uğurlu harmoniya təşkil edir. Heydər Əliyev və Azərbaycan biri-birlərini tamamlayır, biri-birlərini məntiqi yekunlaşdırırlar. Ölkəmizin bütün uğurlarının əsasını məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur və bu barədə söhbət açmaq üçün düşünməyə ehtiyac yoxdur. Hər şey göz önündədir.
ŞİHB-ı  daha sonra qeyd edib ki, ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu Öndərin əsas məqsədi ölkəni qarşıdakı müstəqillik dövrünə hazırlamaq idi. Elə bu müqəddəs hədəfə çatmaq üçün böyük fədakarlıqlar göstərdi. Heydər Əliyev Azərbaycan tarixində iki dəfə xilaskarlıq missiyası həyata keçirib.
Birinci dəfə 1969-cu ildə Ulu Öndər rəhbər seçilərkən, Azərbaycan SSRİ tərkibində inkişaf səviyyəsinə görə 14-cü yerdə idi. Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə yüksələrkən, tərk etdiyi Azərbaycan artıq ittifaqda 4-cü yerdə idi.
Yəni, 13 il ərzində Heydər Əliyev Azərbaycanı inkişaf səviyyəsinə görə 15 ölkə arasında 14-cü yerdən 4-cü yerə yüksəltdi. Bu o demək deyildir ki, digər ölkələrdə inkişaf, quruculuq yox idi. Yox, hamısı inkişaf edirdi. Sadəcə, Heydər Əliyevin dinamikası, bacarığı, qabiliyyəti, liderliyi elə möhtəşəm səviyyədə idi ki, Azərbaycan daha sürətlə irəliləyir, daha böyük nailiyyətlər qazanırdı.
Təsadüfi deyildir ki, Kremldə də ən çətin və ən böhranlı vəziyyətdə olan sahələr Heydər Əliyevə tapşırılmışdı və qısa müddətdə bu istiqamətlər də böyük uğurlar əldə olunmuşdu.
Ulu öndər Heydər Əliyevin ikinci xilaskarlıq missiyası da tariximizin ən şanlı səhifəsinə çevrildi. Xəzərə tökülmək qorxusu ilə yaşayan xalqa yeni nəfəs gəldi, səfalətə son qoyuldu, separatizmin kökü kəsildi, qanunsuz silahlı dəstələr məhv edildi.
Ədalətli cəmiyyət, demokratik quruluş, sosial dövlət yaradıldı.
Ən əsası, bu doğru yolun varisliyi təmin olundu. Azərbaycanın 1987-ci ildə olduğu kimi yenidən təsadüfi adamların uğursuz eksprement yuvasına çevrilməsinə yol verilmədi.
Cənab İlham Əliyevin şəxsində xalqımız və dövlətimiz əsl lider qazandı. Heydər Əliyev yolunu layiqincə davam etdirəcək Prezident seçdi. Ölkəmiz bu gün dünya miqyasında sayılır, qəbul olunur. Qlobal platformalarda Azərbaycan yaratdığı spesefik inkişaf modelləri dərindən öyrənilir.
Tam məsuliyyətimizlə və böyük minnətdarlıqla deyə bilərik ki, Heydər Əliyev yolu - Azərbaycanın müstəqil və qüdrətli dövlətçilik yoludur. Heydər Əliyev kursu - Azərbaycanın daha uğurlu gələcəyinin əsas təminatçısıdır. Heydər Əliyev ideyaları - Azərbaycanın əbədi inkişafını təmin edən mükəmməl konsepsiyadır.
Çıxışının sonunda Şəhər Rəhbəri bildirdi ki, Heydər Əliyev kursu - Azərbaycanın daha uğurlu gələcəyinin əsas təminatçısıdır. Dövlətimizin və xalqımızın Heydər Əliyev yolundan, ideyalarından, kursundan fərqli seçimi yoxdur və olmamalıdır da. Heydər Əliyev yalnız şanlı tariximiz deyil. Heydər Əliyev həm də şərəfli gələcəyimizdir.  Uğurlu sabahlara işıq salan aydın mayakdır.
Heydər Əliyev bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyətində yaşayır. Heydər Əliyevin həyatı bu gün hörmətli Mehriban xanım Əliyevanın xeyirxahlıq əməllərində, mərhəmət missiyasında layiqincə davam edir. Heydər Əliyev zirvəsi bu gün Şuşadan bütün dünyaya ucalır. Heydər Əliyev yolu Zəngəzura doğru işıq saçır.
Ulu Öndərimizin belə bir kəlamı var: "Nə qədərki, Azərbaycan var, mən varam. Mən isə Azərbaycanda əbədi olacağam!" Heydər Əliyev adı, ideyaları, liderliyi Azərbaycan var olduqca yaşayacaq, davam edəcək, əsrlər boyu dövlətimizin və xalqımızın istinadı olacaq.
Sonra çıxış edən Milli Məclisin deputatı YAP Yevlax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlham Məmmədov  qeyd etdi ki, bəşər tarixində tək-tək nəhəng şəxsiyyətlər olub ki, bütün şüurlu həyatını xalqına qurban verib. Belə insanlara tarixi şəxsiyyətlər deyirlər. Onlar öz fəaliyyətləri ilə yaşadıqları Vətənin tarixini yazmağı bacarıblar. Heydər Əlirza oğlu Əliyev məhz belə bir şəxsiyyət, belə bir lider olub. O, öz tükənməz enerjisini xalqın, millətin xoşbəxt gələcəyinə həsr etməklə, ikinci dəfə qazandığımız müstəqilliyi qoruyub saxlamaqla, memarı olduğu Azərbaycanda dövlətçiliyimizi əbədi və sarsılmaz etmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz, xalqımız məhv olmaq təhlükəsindən xilas olmuş, böyük inkişaf yolu ilə inamla addımlamışdır. Heydər Əliyev, özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı  idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi.Qürur duyduğumuz ən vacib məqam budur ki, ulu öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyini etibarlı əllərə əmanət etmişdir. Ulu öndərimizin davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə sahib olmuşdur. Bütün bu nailiyyətlər isə hələ sağlığında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli və əbədi bir abidə ucaltmış Heydər Əliyev siyasətinin təntənəsidir.
Ulu öndərimizin cismani yoxluğundan keçən zaman artıqca, onun böyüklüyünü, əzəmətini daha aydın hiss edirik. Bir daha başa düşürük ki, dahi öndər Heydər Əliyev haqqında nə qədər fikirlər deyilsə də yenə də nə isə deyilməyibdir! Bu gün bizə bir daha aydın olur ki, nə qədər Azərbaycan, nə qədər Azərbaycan xalqı vardır Heydər Əliyev ideyaları yaşayacaq, bizi xoşbəxt bir gələcəyə qovuşduracaqdır.
Sonra çıxış edən “Kür” qəzetinin baş redaktoru Əminə xanım Yusifqızı bildirdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. O, bildirib ki, ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaradıb, hərc-mərcliyə son qoyulub və Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başlayıb. Azərbaycan xalqı durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.
Daha sonra YAP Yevlax rayon təşkilatının fəalı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Anar Salehoğlu çıxış edərək dedi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımıza azadlıq, müstəqillik, sərbəstlik bəxş etdi. Azərbaycan özü öz taleyini həll etməyə, gələcəyini düşünməyə başladı. Məhz Ulu Öndərin müqəddəs siyasəti, cənab prezidentin sarsılmaz iradəsi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində zəfər çaldıq. Şübhəsizdir ki, bu qələbə Heydər Əliyev dühası sayəsində əldə edildi. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan gəncliyinə böyük dəyər vermişdir. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. bu gün Azərbaycan gəncliyinə böyük öndərin – Heydər Əliyevin  xalqımızı və dövlətçiliyimizi xilas edən uzaqgörən siyasəti, ibrətamiz fikirləri və şəxsiyyəti geniş şəkildə təbliğ edilir. Gənclik bu təbliğatdan məntiqi nəticə çıxararaq Ulu Öndərin müqəddəs yolunu, siyasi irsini qorumalı və onu gələcək nəsillərə ötürülməsində fəal iştirak etməlidirlər.
Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Ulu Öndərin ümidlərini doğrultdu və Ata vəsiyyətini yerinə yetirdi və biz tarixi zəfərimizi qazandıq.
Sonda Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon məktəblərinin şagirdləri arasında “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi.

 

Keçidlər