Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda beynəlxalq əlillər günü qeyd edildi

03 dekabr 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov ölkəmizdə əlil və fiziki qüsuru olan hər kəsin dövlət qayğısı və diqqəti ilə əhatə olunmasından söz açdı. Bildirdi ki, Beynəlxalq Əlillər Günü 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilmişdir. Bununla əlaqədar hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin  daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.
Natiq çıxışında diqqətə çatdırdı ki, əlillərin sosial müdafiəsi ilə bağlı  ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilmiş, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülmüşdür. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanmışdır. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır.
Ölkəmizin paytaxtında və bölgələrdə əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələrin yaradılması da ulu öndərin əlillərin problemlərinə, onların fiziki sağlamlığına göstərdiyi diqqətdən xəbər verirdi. Həmin illərdə bu qəbildən olan insanların xaricdə müalicəsinə xüsusi diqqət yetirilirdi.
Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən yardımlar ildən-ilə artır. Dövlət başçısının xüsusi tapşırığına əsasən, əlillərin minik maşını və evlə təmin olunması istiqamətində böyük işlər görülmüş və görülməkdədir.
Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 17 saylı Regional Ərazi Filialının direktoru Emil İsmayılov ölkədə əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, rayonumuzda yaşayan fiziki qüsurlu insanların problemlərinin həllinə həmişə diqqətlə yanaşılır.
Yevlax Mədəniyyət mərkəzinin musiqi kollektivi konsert proqramı ilə çıxış etmişlər.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər