Vətən müharibəsinin iştirakçıları ilə növbəti görüş keçirildi
Yevlax şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş keçirildi. Görüşdə Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdi. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif edilmiş iştirakçılara medalları təqdim edildi.
Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə müharibə iştirakçılarını təbrik etdi. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsi zamanı əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov və YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev çıxışları zamanı Vətən müharibəsi iştirakçılarını təbrik edərək Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücündən qüdrətindən bəhs etdilər.
Sonda Müharibə iştirakçıları keçdikləri döyüş yollarından bəhs edərək daim dövlətin və ordunun yanında olacaqlarını, tarixi zəfər qazanan Müzəffər Ali Baş Komandanın bütün əmrlərinə müntəzir olduqlarını nəzərə çatdırdılar.
Görüşdə iştirak edən qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.