Şəhidin ad günü məzarı başında qeyd edilib
Vətən müharibəsində şəhid olan Yevlax rayonunun Xanabad kənd sakini Kənan Mənsur oğlu İsmayılovun ad günü ilə əlaqədar uyuduğu kənd qəbiristanlığında məzarı başında mərasim keçirilib.
Yevlax Şəhər icra hakimiyyətinin məsul işçilərinin, YAP Yevlax rayon təşkilatının əməkdaşlarının və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid Kənan İsmayılovun məzarı üstünə çiçəklər düzülüb.
Çıxışlarda şəhidin 26 illik qısa, şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib, ötən il sentyabrın 27-dən başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb.
Qeyd olunub ki, Kənan İsmayılov 1994-cü ilin oktyabr ayında Yevlax rayonunun Xanabad kəndində dünyaya gəlib. Vətən müharibəsi başlayanda döyüşlərə MAHHXHQ kimi qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hazırda doğulub boya-başa çatdığı Xanabad kəndinin qəbiristanlığında uyuyur. Ölümündən sonra şəhid Kənan İsmayılov Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Mərasimdə şəhidlərə göstərilən dövlət dəstəyindən danışılıb, şəhid Kənan İsmayılovun ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidin atası Mənsur İsmayılov ailəsinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.