Şəhid Tural Quliyevin ad günü məzarı başında qeyd edilib
Vətən Müharibəsi şəhidi Quliyev Tural Mustafa oğlunun ad günü onun Yaldili kənd qəbirstanlığındakı məzarı başında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxslərinin, YAP Yevlax rayon təşkilatının əməkdaşlarının, yaxınlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunub.
Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım tədbirində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışılıb, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyi vurğulanıb.
Tədbirdə şəhid Tural Quliyevin göstərdiyi qəhrəmanlıqdan söz açılıb, keçdiyi həyat yoluna nəzər salınıb.
Şəhidin təhsil aldığı Aran qəsəbə 1 nömrəli tam orta məktəbin, Aran qəsəbə 3 nömrəli ümumi orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.
Çıxış edənlər vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, tarix yazan qəhrəman şəhidlərin and yerinə, ziyarət məkanına çevriləcəyini bildiriblər.
Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbində keçirdiyi şahmat turnirinin qaliblərinə Fəxri Fərmanlar, medallar və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Tural Mustafa oğlu Quliyev Vətən Müharibəsində MAHHXHQ olaraq iştirak edib. Talışın və Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə vuruşub. Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Tural Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.