Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda prokurorluq işçilərinin peşə bayramı qeyd edildi

01 oktyabr 2021 | 16:00

Yevlaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 103-cü ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayon prokurorluğunun işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etdi.

Tədbir iştirakçıları əvvəlcə  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzdülər. Sonra  Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onların əziz  xatirələrini anmışlar.
Yevlax Rayon Prokurorluğunun binasında davam edən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, məhz ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda Prokurorluq orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, ədalətlilik prinsipləri təmin olunmuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayan qurtuluş missiyası Prokurorluq sistemində yeni inkişafı təmin etmiş, onun fəaliyyət əsaslarını sağlamlaşdırılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan Prokurorluğu növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün prokurorluq təsisatı dövlətçiliyin və ictimai sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən hüquq islahatlarına prokurorluq orqanları adekvat cavab verir. Son illərdə bu sistemdə pozitiv dəyişikliklərin baş verməsini isə hamımız aydın görürük.
Tədbirdə çıxış edən Yevlax Rayon Prokuroru Ceyhun Almasov prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Prespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdi. O, öz çıxışında həmçinin qeyd etdi ki, bundan sonra da nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətlərini daim gücləndirəcək, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərlərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.
Daha sonra çıxış edən Rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev, DTX Yevlax Rayon Şöbəsinin rəisi İlqar Bağırov prokurorluq işçilərinin peşə bayramı münasibətilə öz səmimi təbriklərini çatdırdılar.
01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü, Azərbaycan prokurorluğunun yaranmasının 103-cü ildönümü münasibətilə Yevlax rayon prokurorluğunun bir qrup əməkdaşı Şəhər İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olundu.

Keçidlər