Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi

27 sentyabr 2021 | 16:00


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq  sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir
Anım günü münasibətilə Yevlaxda da Şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin Yevlax rayonu ərazisindən seçilmiş deputatları, Milli Məclisin sədrinin  birinci müavini Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri üzvləri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etdilər. Həmçinin burada Şəhidlərin Xatirəsinə ucaldılan Abidənin açılışı olmuşdur. Eyni zamanda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 500, Şəhidlər Xiyabanında isə Vətən Müharibəsində həlak olan yevlaxlı şəhidləri simvolizə edən 65 ədəd  ağac əkilmişdir.
Sonra tədbir Heydər Əliyev sarayında davam etmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, Möhtərəm Prezidentimiz şəhidlərimizin anım gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni, xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anacaq. Bəli, Zəfər günləri məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.
Ali Baş Komandan müdrikcəsinə elan edir ki, bu zəfəri şəhidlərimizə borcluyuq. Onların qanları əbəs yerə tökülməyib, bu qan Zəfərimizə hopub, Qələbəmizin rəmzi olub. Bu gün hamımız sizinlə birgə şəhidlərimizin hüznünü saxlayırıq. Həm də sizinlə bərabər şəhidlərimizlə qürur keçiririk.
Bu 65 igidimiz onilliklər sonra da bütün Yevlaxın ən böyük qəhrəmanları sayılacaqlar və daim də fəxr mənbəyimiz olacaqlar.
Sizlərin itkisi böyükdür. Ancaq qürurunuz da böyükdür.
Təsəlliniz də odur ki, şəhidlərimizin qanı əbəs getmədi, bizə Zəfəri yaşatdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qəhrəmanlıqla fəda edən şəhidlərimizin ruhu bu gün azad Qarabağda rahatlıq tapır.
Əgər Azərbaycan xalqı 1988-1993-cü illərdə Heydər Əliyevsizlik dövrünü yaşamasaydı, bu problemləri də görməyəcəkdik. Nə müharibə baş verəcəkdi, nə də Yevlaxın iki savaşda qurban verdiyi 309 şəhidi olacaqdı. Yəni ümumiyyətlə Qarabağ problemi ilə üzləşməyəcəkdik.
Ümummilli liderimizin səyi ilə atəşkəsin imzalanması nəticəsində həm dövlətimizin, həm də ordumuzun quruculuğu başladı. Bu prosesin nə ilə nəticələndiyini isə möhtərəm Prezidentimizin fəaliyyətində aydın görürük. Cənab İlham Əliyevin sayəsində indi Azərbaycan qüdrətli dövlətə çevrilib, Ordumuz isə 32 illik müharibəni şanlı qələbə ilə bitirib.
Milli Məclisin deputatı İlham Məmmədov, şəhid Polkovnik leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, I Qarabağ müharibəsi qazisi  Elxan Hümbətov, Vətən müharbəsi qazisi Elşən Mustafayev çıxışlarında qeyd etdilər ki, bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı.  Bu tarixi qələbə 1 milyondan çox  Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi  haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Vətən müharibəsi   xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən  reallığı, eyni zamanda, nəinki ölkəmizin  vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında  baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sirayət etdi.
Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzi Şəhidlərin Xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirmişdir.
Ölkənin bütün ərazisində olduğu kimi saat 12:00-da Yevlaxda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

 

Keçidlər