Yevlaxda pambıq yığımına start verilib
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Respublikamızın bir çox bölgələrində olduğu kimi Yevlax rayonunda da pambıqçılıq sahəsinə olan diqqət artırılıb. Bu il rayonda 2327,6 hektar ərazidə pambıq əkilib.
Fermerlər tərəfindən əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilərərk mineral gübrələr verilib. Pambıq sahələri vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Bunun nəticəsində bu il tarlalarda bol məhsul yetişdirilib və artıq Yevlaxda pambıq yığımına start verilib.
Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Ilkin hesablamalara görə bu il rayonda 8500 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 351 ton çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 36,5 sentner məhsul yığılması planlaşdırılır.
Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün pambıq yığımına minlərlə rayon sakini cəlb edilir. Yığılan məhsul Yevlaxda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisində pambığın yetişdirilməsi və yığımı məsələləri nəzarətdə saxlanılır, Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev mütəmadi olaraq fermer təsərrüfatlarında, pambıq sahələrində olaraq buradakı vəziyyətlə yaxından tanış olub. İcra Hakimiyyəti başçısı tərəfindən fermerlərin problemlərin operativ şəkildə aradan qaldırılması və onlara digər köməkliklərin göstərilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Məlumat üçün keçən mövsüm ilində Yevlax rayonunda 247 fermer tərəfindən 2330 hektarda pambıq sahəsi becərilmiş, bundan 8148,8 ton pambıq istehsal olunmuş və məhsuldarlıq 34,9 sentner olmuşdur. Bu da 2019-cu il ilə müqayisədə istehsal 1801 tondan çox olmaqla hər hektardan 8,5 sentner artıq olmuşdur. 247 fermerin 73-cü yüksək nəticə göstərərək 40 sentnerdən yuxarı məhsul əldə etmişlər.