Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhidin ad günü qeyd edilib

10 iyul 2021 | 16:00


Vətən müharibəsində şəhid olan Yevlax rayonunun Salahlı kənd sakini İman Kürdoğlu oğlu Quliyevin ad günü ilə əlaqədar uyuduğu kənd qəbiristanlığında məzarı başında mərasim keçirilib.Yevlax Şəhər icra hakimiyyətinin məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid İman Quliyevin məzarı üstünə çiçəklər düzülüb.
Daha sonra iştirakçılar Şəhidin yaşadığı evdə ailəsini ziyarət ediblər. Şəhidin yaşadığı evdə davam edən mərasimdə çıxış edənlər şəhidin 22 illik qısa, şərəfli həyat yolundan bəhs edərək, ötən il sentyabrın 27-dən başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, İman Quliyev 1999-cu ilin iyulun 11-də Yevlax rayonunun Salahlı kəndində dünyaya gəlib. Müddətdən artıq Hərbi Qulluqçu kimi Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Laçın istiqamətində gedən döyüşlərdə isə qəhrəmancasına həlak olub. Hazırda doğulub boya-başa çatdığı Salahlı kəndinin qəbiristanlığında uyuyur. Ölümündən sonra şəhid İman Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Soqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə”  medalları ilə təltif olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi  onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim edilmişdir.
Mərasimdə şəhidlərə göstərilən dövlət dəstəyindən danışılıb, şəhid İman Quliyevin ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidin atası Kürdoğlu Quliyev göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.

Keçidlər