Yevlaxda Regional filial yaradıldı
21-ci əsr idarəetmə sistemində də modernləşmə, yeni idarəetmə modellərinin yaranmasını zəruri edir. Əsas məqsədi vətəndaş məmnunluğuna hesablanan, daha çevik idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş olan yeni dəyişiklər müasir dövrümüzün əsas tələbidir.
Azərbaycan Respublikası Prezidentinin 27 apel 2021-ci il tarixli “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, həmçinin korporativ idarəetmə prinsipləri nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturuna daxil olan region filialların yaradılmasına başlanıldı. Bu məqsədlə ilk Regional Filial Yevlaxda yaradıldı.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Rövşən Rüstəmovun, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin, nazirliyin aparat rəhbəri Samir Məmmədovun və “Aztelekom” MMC-nin Baş direktor müavini Elman Həsənovun iştirakı ilə karantin qaydalarının tələblərinə əməl edilməklə keçirilən iclasda “Aztelekom”un strukturunda mərkəzi Yevlax şəhərində olmaqla Regional filialın yaradılması elan olundu. Yevlax filialının adı dəyişdirilərək “Yevlax regional filalı“na adlandırıldı. Bundan sonra pilot layihəyə əsasən Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam filiallarının hazırki xidmət əraziləri Regional filialın xidmət əraziləri hesab olunacaq.