İcra Hakimiyyətinin başçısı pambıq sahəsində oldu
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər.
Respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da ölkə iqtisadiyyatında mühüm yer tutan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan pambıqçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə ki, cari ildə Yevlaxda 2327 hektar sahədə pambıq əkini həyata keçirilmişdir. Əkilən sahələrə düzgün aqrotexniki qulluğun tədbiq edilməsi nəticəsində bitiş normaldır, hazırda bar fazasındadır. Fermerlər tərəfindən pambığın üçüncü becərmə mərhələsi çərçivəsində sahələrə ziyanvericilərə qarşı petisidlər səpilir.
Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev pambıq sahələrində olaraq sonrakı mərhələlərdə pambığın becərilməsinin aqrotexniki qaydalara uyğun aparılması, əkin sahələrinin vaxtında suvarılmasının təmin edilməsi ilə bağlı fermerlərə müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Fermerlər onlara yaradılan şəraitə görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.