Şriftin ölçüsü :

Saytın rəngi :

ORDU MÜSTƏQİLLİYİMİZİN ƏSASIDIR

26 iyul 2014 | 15:00

Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov və digər rəsmi şəxslər «N» saylı hərbi hissənin bayram şənliyində iştirak etmişdir. Dövlət himni səsləndirildikdən sonra Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hissə komandiri polkovnik-leytenant Etibar Əhmədov bayram şənliyinə gəlmiş rəsmi qonaqları hissənin şəxsi heyəti adından salamladı və tədbiri açıq elan etdi.
Qərargah rəisi tribunaya çıxaraq Silahlı Qüvvələr günü münasibətilə Respublika Müdafiə nazirinin təbrik məktubunu oxudu.
Hissənin şəxsi heyətlə iş üzrə komandir müavini, mayor Fikrət Əsədov isə korpus komandirinin şəxsi heyətə təbrikini çatdırdı və şanlı ordumuzun yaranması tarixinə geniş ekskurs etdi.
Çıxış üçün söz verilən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov vətənimizin müdafiəsi və ərazi bütövlüyünün keşiyində daim ayıq-sayıq dayanan əsgərlərimizi səmimi qəlbdən təbrik etdi.
ŞİH Başçısı onu da diqqətə çatdırmağı unutmadı ki, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun-Silahlı Qüvvələr Gününün ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunması orduya diqqət və qayğının bariz nümunəsidir.
Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgərləri torpaqlarımızı erməni işğalından azad etmək qüdrətindədir. Bir sözlə, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindəndir. Azərbaycanın rəşadətli, vətənpərvər gəncləri hesabına formalaşmış və mükəmməl döyüş qabiliyyətli nizami ordu kimi tanınan Azərbaycan Silahlı Qüvvələri hərbi hazırlıq və müasir texnikanı idarə etmək bacarığı baxımından da regionda fərqlənir.
Tədbirdə Respublika Prokurorluğunun əməkdaşı ədliyyə polkovniki Mahir Əliyev, şəhid ailələri və qaçqınlar adından bu yazının müəllifi və başqaları tribuna önünə keçərək müstəqil dövlətimizin etibarlı təminatçısı Milli Ordunun yaranmasının ildönümü münasibətilə əsgər və zabitlərə ən xoş arzular çatdırdılar.
Sonra hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabitə hissə komandanlığının və Şəhər İcra Hakimiyyətinin təsis etdikləri fəxri fərmanlar, təşəkkürnamələr, həmçinin qiymətli hədiyyələr təqdim olundu.
Hissənin «qırmızı guşə»sinə isə Şəhər İcra Hakimiyyəti adından plazma televizor hədiyyə edildi. Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram tədbiri şəxsi heyətin hərbi paradı və Şəhər Mədəniyyət və Turizm Şöbəsinin Aran qəsəbə musiqi məktəbinin hazırladığı rəngarəng bayram konserti ilə başa çatdı.

Keçidlər