Yevlaxda kümçülərlə görüş keçirildi
Ölkədə Baramaçılığın və ipəkçiliyin inişafına dair Dövlət Proqramından irəli gələn tədbirlər Yevlaxda uğurla yerinə yetirilir. Kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın yerlərdəki vəziyyətinin öyrənilməsi ilə bağlı Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayonda ipəkqurdu toxumu paylanılmış Səmədabad və Salahlı kəndlərində kümçülərlə görüşüb ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə tanış oldu.Görüş zamanı Şəhər rəhbəri onların qayğıları ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, ipəkqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Kümçülər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq etdiklərini bildiriblər.
Əhalinin məşğulluğunun təminatı baxımından mühüm əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Kümçülər Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin rayon baramaçılarının bu sahəyə olan marağını artırdığını vurğulayıblar. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verdi.