Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir.

27 aprel 2021 | 16:00


Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir.Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş filmə baxdılar. Tədbiri giriş sözü ilə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humantiar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova açaraq bildirdi ki, bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 98–ci ildönümü tamam olur. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca  gözlərimiz önündə Tanrının ən yüksək mənəvi  xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə Əliyeva Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.ŞİHB-nın müavini həmçinin qeyd etdi ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyevanın fəsliyyətini yüksək qiymətləndirmiş,  onu çox ağıllı insan və böyük professional, öz sahəsinin məşhur alimi hesab etmiş, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışlar. Akademik A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırmışdır. Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirdi ki,  Zərifə xanım Əliyeva həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlar. Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Görünür, ayrılıqlar kimi, vüsallar da tale yazısıdır. Bir-birinə məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra Fəxri xiyabanda əbədi qovuşdu.
Sonda həkim oftalmoloq Məhəmməd Qorçuyev, Şəhər 3 nömrəli tam orta məktəbin direktoru Sevda Səmədova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova öz çıxışlarında qeyd etdilər ki, bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Tədbirdə vurğulandı ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

 

 

 

Keçidlər