Ölkə Başçısından Yevlax sakinlərinə bayram hədiyyəsi
Ölkəmizdə bütün sahələrdə olduğu kimi əhalinin sosial problemlərinin yaxşılaşdırılması sahəsində də geniş tədbirlər həyata keçirilir və bu istiqamətdə həyata keçirilən işlər Yevlax rayonunda da öz əksini tapıb.
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Yevlax şəhərində yeni 9 mərtəbəli yaşayış binası istifadəyə verilib. Şəhərin Nizami prospekti 19 saylı ünvanda qəzalı vəziyyətdə olan 10 ədəd barak binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyyat Fondundan ayrılan vəsait hesabına Yevlax şəhəri Heydər Əliyev prospekti 11 ünvandakı 0,5 ha sahədə 9 mərtəbəli yeni yaşayış binası inşa edilib. 42 ailənin yerləşdiriləcəyi binada 1, 2 və 3 otaqlı mənzillər tam təmirlidir və binanın həyətində müvafiq abadlıq işləri aparılıb.
Bina sakinlərinin elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator quraşdırılıb, 216 kub metrlik içməlu su anbarı tikilib.
Sakinlərin yeni binaya köçürülməsinə köməklik məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kommunal işçilər ayrılıb, sakinlərə digər lazımı köməklik edilib.
Yeni binada mənzil alan sakinlər Novruz bayramı ərəfəsində bu sevinci onlara yaşadan Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.