“8 noyabr-Zəfər Günü” ilə əlaqədar Yevlaxda növbəti tədbir keçirilib
“8 noyabr-Zəfər Günü” ilə əlaqədar Yevlaxda növbəti tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilib. Növbəti Yevlax Şəhər İcra Hakimiyyəti və Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evinin birgə təşkilatçılığı ilə Yevlax Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evinin rəhbərliyi və əməkdaşları, Şəhid ailəsinin nümayəndələri,qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib.Vətənimizin azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova 44 günlük Vətən müharibəsindəki Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılmış rəşadətindən və şərəfli döyüş yolundan geniş bəhs edərək, bildirdi ki, müharibədə əldə olunan böyük Qələbə bizim 30 illik Vətən həsrətimizə əbədi olaraq son qoydu. Prezident-Xalq-Ordu birliyi əsrlərdir davam edən erməni vandalizmini cəmi 44 gün ərzində darmadağın etdi. Bugün Şəhid ailələrinə,qazilərə və veteranlara göstərilən xüsusi diqqət və qayğı dövlətimizin müdrik siyasətinin mərkəzində dayanır. İllər,əsrlər keçsə də Azərbaycan xalqının qəlbində əbədi olaraq taxt quran igidlərimiz heç bir zaman unudulmayacaq, onların xatirəsi daim əziz tutulacaq.
Sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Elvin Əjdərli Şəhid ailələrinin üzvləri qeyd etdilər ki, 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandanımız cənab İlham Əliyevin irəli Əmri ilə qüdrətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarını “İldırım sürətli müharibə” adlandırmaq olar. Ermənistanın 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa çətin ehtimal verirdi. Azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi-hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı. Bildirildi ki, Vətən müharibəsində dövlətimizin başçısı, Ali Baş Komandanımız Cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında müzəffər Ordumuzun tarixi qələbə qazanması nəticəsində mənfur düşmənimiz əbədi olaraq torpaqlarımızdan qovuldu.
Daha sonra Bəşir Səfəroğlu adına Xalq teatrının əməkdaşları “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.