Yevlaxda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir
Əvvəlcə tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirildi.
Daha sonra tədbiri giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova açaraq qeyd etdi ki, uzun illər erməni millətçiləri və onların havadarları xalqımıza qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti yeritmiş, zaman-zaman əzəli torpaqlarımızı işğal etmişlər. 9 min 800 kvadratkilometr ərazidə yaradılmış Ermənistan öz ərazisini XX əsrin sonlarında daha da genişləndirmək planını yenidən həyata keçirməyə başladı. 1905-1918-ci illərdə törədilən vəhşilik 1988-ci ildə yenidən davam etdirildi və ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətində yeni işğalcılıq siyasətini işə saldılar.
Dağlıq Qarabağ ərazisində torpaqlarımız və sərvətlərimiz işğal və talan edildi. Azərbaycanlılar amansız işgəncələr və vəhşiliklərlə dədə-baba torpaqlarından didərgin salındı.
1992-ci ilin fevralında ermənilər rus ordusunun yaxından köməyi ilə Xocalıda daha bir dəhşətli qırğın törətdilər.Bir gecədə bütöv bir şəhər əhalisi ilə birlikdə məhv edilərək yer üzündən silindi. Bu soyqırım nəticəsində 613 nəfər öldürülmüşdür ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi, 8 ailə isə tamamilə məhv edilmişdir.
Hər bir tarixi hadisə zamanında olmasa da, bir müddət sonra öz qiymətini alır. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra digər mühüm hadisələr kimi, Xocalı faciəsi də əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırım haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı.
44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın və dövlətimizin yeni tarixi yazıldı, tarixi ədalət bərpa edildi, Azərbaycanın dəmir yumruğu hesabına düşmənin başı əzildi, beli qırıldı.
Müharibənin gedişi dövründə biz onun və dövlətimizin ermənidən artıq erməni olmağa çalışanların necə böyük təzyiqlərinə məruz qaldığının şahidi olurduq. Ancaq heç nə Azərbaycan xalqının iradəsini qıra, heç kəs dövlətimizi yürüdüyü haqq yolundan döndərə bilmədi. Azərbaycan ötən ilin sentyabrın 27-də başlamış Vətən Müharibəsini müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Ölkəmiz son iki yüz illik tarixində ilk dəfə olaraq müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxmağı bacardı.
Daha sonra çıxış edən Xocalı sakini, Yevlax şəhər Şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini İlayə Hüseynova, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Şəhər 1 nömrəli mədəniyyət evinin direktoru Eldəniz Mustafayev, Səmədabad kənd tam orta məktəbin direktoru Səxavət İsmayılov çıxış öz çıxışlarında Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandıraraq, ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayət olduğunu qeyd etdilər. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildiyini bildirdilər.