Şriftin ölçüsü :

Saytın rəngi :

ELEKTRON İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ QAYDALARINA DAİR SEMİNAR

26 iyul 2014 | 15:00

Məlum olduğu kimi «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2013-cü il 27 dekabr tarixində Azərbaycan Respublikasının Qanunu qebul edilmiş və Azərbaycan Respublikasının Prezidenti həmin Qanunun tətbiqi barədə 2014-cü il 3 fevral tarixli fərman imzalamışdır.
Yeni dəyişikliyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə vətəndaşların işlə təmin olunmasını asanlaşdırmaq və onların sosial durumunu yaxşılaşdırmaq məqsədilə əmək müqaviləsi bildirişi anlayışı da daxil edilmişdir. Əmək müqaviləsi bildirişi dedikdə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işə götürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəd başa düşülməlidir.
Belə ki, əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu Qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsinə 2014-cü ilin 1 iyul tarixinədək vaxt verilmişdir.
Məhz elektron informasiya sistemindən istifadə qaydalarının öyrədilməsi üçün artıq regionlarda «Açıq qapı» adı altında seminarlar keçirilməsinə start verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi iyulun 14-də Yevlaxda da bu mövzuda seminar keçirmişdir. Şəhər İcra Hakimiyyəti Başcısı Aparatının iclas zalında keçirilən seminara 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidmət etdiyi Yevlax, Goranboy, Mingəçevir, Naftalan şəhərlərindan fiziki və hüquqi şəxslər, kadrlar üzrə mütəxəssislər dəvət olunmuşdular.
Tədbiri şəhərimizdəki 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Məzahir Cəmşidov açaraq sözü Yevlax Şəhər İcra Hakimiyyəti Başcısının müavini, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namiq Süleymanova verdi. O, möhtərəm Prezidentimizin «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edərək seminarın fəaliyyətinə uğurlar arzuladı. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin sektor müdiri Nizami Əhmədov çıxış edərək bu sahədə həyata keçirilən islahatların qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasında əsaslı stimul olacağını vurğuladı.
Nazirliyin baş məsləhətçisi Fuad Heydərov təqdimatlar əsasında əmək müqaviləsi bildirişinin informasiya sisteminə daxil edilməsi qaydaları haqqında daha ətraflı məlumat verdi. O, video görüntülərin köməyi ilə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işə götürənə məlumat verilməsi prosedurları, əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları və qaydaları ilə iştirakçiları bilgiləndirdi. Həmçinin bildirişlərin «Elektron hökumət» portalı üzərindən (https://www.e-gov.az) sistemə daxil edilməsi üçün zəruri olan gücləndirilmiş elektron imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin edilməsi və s. barədə məlumat verdi.
Sonra seminar iştirakçılarının sualları geniş cavablandırıldı və onlara əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına dair işə götürənlər arasında məlumatlandırma tədbirlərindən bəhs edən yaddaş kitabçaları və bukletlər paylandı.

Keçidlər