Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax pambıqçıları mövsümü yüksək göstəricilərlə başa vurublar

18 yanvar 2021 | 16:00

Yevlax rayonunun pambıqçılıqla məşğul olan fermerləri mövsümü yüksək göstəricilərlə başa vurublar. 

Rayon pambıqçıları sahələrdən nəzərdə tutulandan da artıq - 8148,86 ton "ağ qızıl" tədarük ediblər. Hər hektarın orta məhsuldarlığı 34,97 sentnerdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yığılan məhsul 1801,04 ton, hektarın məhsuldarlığı isə 8,57 sentner çoxdur. Bu, həmçinin sovetlər dövründən indiyədək rayon üzrə pambıqçılıq sahəsində ən yüksək məhsuldarlıq göstəricisidir.
2020-ci ildə rayonda 1780 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə olmaqla, müqavilə əsasında 2330 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Təsərrüfat ilində respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin edilib. Nəticədə yüksək məhsuldarlığa nail olunub.
Mövsüm ilində pambıq yığımına 1000 nəfər işçi qüvvəsi, 9 ədəd pambıqyığan kombayn, 22 traktor, 51 qoşqu, 6 dərmansəpən, 1 yükləyici və pambıq sahələrinin kənarlarının hamarlanması üçün 2 texnika cəlb edilib. Mövsüm ilində bir çox fermer hektardan 42-53 sentner məhsul yığıb təhvil veriblər. Belə ki, fermer Rövşən Bostanov hər hektardan 60,4 sentner, Rəhman Balayev 53,8 sentner, Orxan Qurbanov 48,4 sentner, Ələddin Muradxanov 46,80 sentner, Tofiq Abbasov 44,4 sentner, Mahir Əsgərov 44,5 sentner məhsul yığaraq, rayon üzrə ən yüksək göstəriciyə nail olublar. Qoyunbinəsi kənd sakini fermer Qabil Məmmədov əldə etdiyi yüksək məhsuldarlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
2021-ci mövsüm ili üçün Yevlax rayonunda 2390 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Artıq “MKT İstehsalat Kommersiya” MMC ilə 1386,52 hektar, “P-Aqro” MMC ilə isə 388,75 hektar olmaqla, 1775,3 hektar sahədə pambıq əkilməsi üçün 179 fermerlə müqavilə bağlanıb, 1426,5 hektar sahədə qış şumu aparılıb.

Keçidlər