Vaksinasiya əvvəlki həyata qayıtmaq imkanımızı sürətləndirəcək
Uzun müddətdir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir-nömrəli probleminə çevrilərək insan ölümlərinə səbəb oldu.
Dünyanın elm adamları insanlıq üçün yeni olan bu bəlanı "susdurmaq” naminə səfərbər oldu. Xeyli vaxtdır ki, bəzi ölkə və şirkətlərin istehsal etdiyi peyvəndlər istifadə olunur, artıq bir neçə ölkədə əhalinin peyvəndlənməsinə başlanılmışdır.
Dünyada vaksinləmə prosesinin başlandığı vaxtda təbii ki, Azərbaycan da bu prosesə qoşulur. Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan COVAX platformasına qoşulan ilk ölkələrdən olub. COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.
Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biridir. Möhtərəm Prezident cənab İlham Əliyevin bu məsələlərə şəxsən nəzarət etməsi isə onun xalqımızın sağlamlığına yüksək diqqətinin təcəssümüdür.
Dövlət tərəfindən COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar görülən bütün işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması məqsədini daşıyır. Dövlət üçün ən prioritet məsələ vətəndaşlarının koronavirus infeksiyasından qorunmasıdır. Qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. Peyvəndlənmə də bu səmərəli tədbirlər sırasında yer alacaq. Azərbaycanda yaxın vaxtlarda başlanacaq vaksinasiya prosesi tezliklə əvvəlki həyata qayıtmaq imkanını sürətləndirəcək.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da ilk növbədə, risk qrupuna daxil olan insanlar peyvənd olunacaq. Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.
Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq ayrılıb. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvənd olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.
Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.
Odur ki, vaksinasiya proqramlarını dəstəkləmək və iştirak etmək tək vətəndaşlıq borcu yox, həm də insanlığın gələcəyi üçün bir töhfədir.