Yevlax şəhər İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib
Yevlax şəhər İcra Hakimiyyətində keçirilən videokonfransın iştirakçıları öncə Ümummilli Liderin, həmçinin Azərbaycan dövlətçiliyinin qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Videokonfransı giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıb, Onun hakimiyyətdə olduğu illərdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından həyata keçirdiyi siyasətin müsbət nəticələrindən söhbət açıb.
Videokonfransda çıxış edən YAP Yevlax Rayon Təşkilatının aparat rəhbəri Rafiq Əliyev öncə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətləri, böyük xilaskarlıq missiyası barədə geniş məlumat verib.
O da qeyd edilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli Lider suveren Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, onun müstəqilliyini əbədi və dönməz edib.
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova isə bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər.
Konfransda, həmçinin Yevlax şəhər Təhsil Şöbəsinin əməkdaşı Umudvar Mamedov, Şəhər Mədəniyyət Evinin direktoru Zöhrə Adıgözəlova, Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev çıxış edərək Ulu Öndərin Azərbaycan dilinin inkişafı, gənclərə diqqət və qayğısı, digər sahələrdə həyata keçirdiyi siyasət və gənc nəsillərə miras qalan titanik fəaliyyətindən ətraflı danışıblar.
Sonda Ulu Öndərə həsr edilmiş film nümayiş etdirildi.