Şriftin ölçüsü :

Saytın rəngi :

REGİONAL TOPLANTI

19 aprel 2014 | 15:00

Aprelin 18-də Heydər Əliyev adına Sarayda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının «Sərsəng harayı» layihəsi çərçivəsində  regional toplantı keçirilmişdir. Toplantıda respublikanın 6 rayonundan gəlmiş icra qurumlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimaiyyət nümayəndələrinin üzvləri iştirak edirdilər.
Toplantı iştirakçıları ilk öncə Heydər Əliyev adına sarayın foyesində təşkil olunmuş AVCİYA- nın «Sərsəng harayı» mövzusunda keçirdiyi rəsm müsabiqəsinə təqdim olunmuş rəsmlərdən ibarət sərgiyə baxış keçirmişlər.
Sarayda düzənlənən tədbiri giriş sözü ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namiq Süleymanov açdı. O, belə bir  tədbiri Yevlaxda keçirdikləri üçün Assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanova yevlaxlıların təşəkkürünü çatdırdı. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov çıxış edərək «Sərsəng harayı» mövzusunda layihənin həyata vəsiqə almasında AVCİYA-nın prezidenti, millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun yüksək vətəndaşlıq mövqeyindən danışdı. Qeyd etdi ki, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti və digər 7 rayon işğal altında qalmışdır. Bunun nəticəsində hələ Sovet dövründə-1976-cı ildə inşa olunub istifadəyə verilmiş Sərsəng Su Elektrik Stansiyası da düşmən əlinə keçmişdir. O vaxtdan bəri respublikamızın Qarabağ bölgəsindəki 6 rayonun aqrar sahəsi susuzluq problemi ilə yaşayır. Yağı düşmən bizim əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına əngəl törədir. Təkcə onu demək kifayətdir ki, Tərtər rayonunda 700-dən çox subartezian quyuları qazılmasına baxmayaraq insanların içməli və əkin suyuna olan təlabatı ödənilmir. Bu isə həmin bölgənin iqtisadiyyatına ağır zərbə vurur. Üstəlik böyük bir ərazini əhatə edən su anbarı düşmənin naqisliyi nəticəsində qəza baş versə, bunun özü də 400 mindən çox insan üçün təhlükə deməkdir.
Onu da qeyd etmək lazımdır ki, 38 il bundan öncə tikilmiş su bəndində-hidrotexniki qurğuda təmir və yenidənqurma işləri aparılmayıb. Bütün bu təhlükələri araşdıraraq nəzərə alan hörmətli millət vəkili «Sərsəng harayı» layihəsinin hazırlanması barədə 2013-cü ilin may ayında təsis konfransı keçirilməsinə müvəffəq olmuşdur. Həmin ilin sentyabr ayında isə Tərtərdə keçirilən toplantıda çoxsaylı insanların müraciətləri və xahişləri əsasında Sərsəngin təhlükəli obyekt olması barədə ATƏT və AŞPA-da beynəlxalq səviyyədə məsələ qaldırılması gündəmə gəldi. Artıq beynəlxalq səviyyədə bu təşkilat tanınır. Azərbaycanda AVCİYA Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar və jurnalistlər arasında «Sərsəng harayı» müsabiqəsi keçirmişdir. Bu gün həmin müsabiqənin qalibləri məhz sizin şəhərinizdə elan olunacaqlar.
Sonra iştirakçıların təntənəli alqışları altında 50 nəfərə yaxın gənc rəssam və media nümayəndəsinə diplomlar təqdim olundu. Diplomları AVCİYA-nın prezidenti Elxan Süleymanov və Söz Azadlığını Müdafiə Fondunun sədri, münsiflər heyətinin sədri, tanınmış şair Musa Yaqub təqdim etdilər.
Tədbiri AVCİYA-nın prezidenti, Milli Məclisin üzvü Elxan Süleymanov yekunlaşdıraraq «Sərsəng harayı» mövzusunda musiqi əsərləri müsabiqəsinin keçiriləcəyini də elan etdi.
Natiq həmçinin «Sərsəng harayı» devizinə, bütövlükdə əzəli torpaqlarımız olan Qarabağın azadlığına yönəlik xalq kütlələrindən böyük fəallıq göstərmələrini, xalqımızın səsinin dünyanın hər yerində eşidilməsi naminə əllərindən gələni əsirgəməmələrini tövsiyə etdi.
Sonda yaradılmış şəraitə və qonaqpərvərliyə görə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısına, ictimaiyyət nümayəndələrinə razılığını bildirdi

Keçidlər