BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ QEYD EDİLDİ
Mərkəzi Mədəniyyət evində Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov ölkəmizdə əlil və fiziki qüsuru olan hər kəsin dövlət qayğısı və diqqəti ilə əhatə olunmasından söz açdı. Bildirdi ki, Beynəlxalq Əlillər Günü 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilmişdir. Bununla əlaqədar hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.
Natiq çıxışında diqqətə çatdırdı ki, əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilmiş, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülmüşdür. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanmışdır. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır.
Ölkəmizin paytaxtında və bölgələrdə əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələrin yaradılması da ulu öndərin əlillərin problemlərinə, onların fiziki sağlamlığına göstərdiyi diqqətdən xəbər verirdi. Həmin illərdə bu qəbildən olan insanların xaricdə müalicəsinə xüsusi diqqət yetirilirdi. 1997- 2003-cü illər ərzində 1153 nəfər əlilin xaricdə müalicəsi təşkil olunmuşdu.
Q.Qaraşov qeyd etdi ki, əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən yardımlar ildən-ilə artır. Dövlət başçısının xüsusi tapşırığına əsasən, əlillərin minik maşını və evlə təmin olunması istiqamətində böyük işlər görülmüş və görülməkdədir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsini icra edən Hikmət Fərəcov ölkədə əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, şəhərimizdə yaşayan fiziki qüsurlu insanların problemlərinin həllinə həmişə diqqətlə yanaşılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi olaraq Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının aidiyyatı şöbələri ilə birgə onların sosial-məişət problemlərinin həllinə çalışırıq.
Sonda əlillərə maddi yardım edildi. Əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.