Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir

11 sentyabr 2013 | 15:00

Prezident İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir.
Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu.
Tibb ocağında poliklinika, yoluxucu xəstəliklər, şüa-diaqnostika, qadın məsləhətxanası və ailə planlaşdırma, doğum, qəbul, laboratoriya, urologiya, cərrahiyə, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Bundan əlavə, xəstələr ginekologiya, sterilizasiya, anesteziologiya, reanimasiya, lor, oftalmologiya, daxili xəstəliklər şöbələrinin xidmətlərindən də istifadə edə biləcəklər. Burada müxtəlif cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır. Ən müasir avadanlığın quraşdırıldığı bu tibb ocağında kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, flüoroqraf, 4D və 3D ultrasəs müayinə aparatları, oftalmoloji kombayn və digər müasir qurğular vasitəsilə xəstələrə keyfiyyətli tibbi xidmət göstəriləcəkdir. Bütün bunlar 2003-cü ildən sonrakı dövrün Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi kimi yadda qaldığını təsdiqləyir. Bu dövr ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi böyük və şərəfli yol, ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Həyata keçirilən bu islahatlar isə ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.
Dövlət başçısı xəstəxanada yaradılmış şəraitdən razılığını bildirdi

Keçidlər