Ombudsmanın Gəncə regional mərkəzi Yevlax rayon İcra Hakimiyyəti ilə birgə15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda videokonfrans keçirib.
Ombudsmanın Gəncə regional mərkəzi və Yevlax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda videokonfrans keçirilib. Video konfransda Yevlax rayon İcra hakimiyyətinin, Yevlax rayon Gənclər və idman idarəsinin, Yevlax rayon Heydər Əliyev Mərkəzinin, Yevlax rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin, Yevlax rayon Uşaq Gənclər və İnkişaf Mərkəzinin əməkdaşları, həmçinin Kür qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı iştirak etdilər.
Tədbir iştirakçılarına Ombudsman xanım Səbinə Əliyevanın salamlarını və xoş arzularını çatdıran Səbuhi Abbasov qeyd etdi ki, 1991–ci ilin oktyabrından 1993–cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993–cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai–siyasi sabitliyin qorunub saxlanılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1995–ci ildə bilavasitə ulu öndər Heydər Əliyevin müəllifliyi və demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müddəalarının dörddə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü, hüquqi dövlət prinsipi təsbit olunmuşdur.
Kür qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri, xüsusilə də mətbuat orqanlarına hər zaman böyük diqqət və qayğısı barədə məlumat verərək, ulu öndər Heydər Əliyevlə görüşü ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə paylaşdı.
Yevlax rayon İcra hakimiyyəti başçısının müavini Elnarə Əzizova ümumilli lider Heydər Əliyevin Yevlax rayonuna səfərləri, vaxtı ilə rayonun inkişafı, yeni xidmət müəssisələrinin yaradılması sahəsində Heydər Əliyevin təşəbbüsü ilə görülmüş işləri diqqətə çatdıraraq , Yexlax rayon ictimaiyyətinin ulu öndərin əziz xatirəsini daim yüksək hörmət və ehtiramla yad etdiyini bildirdi.
Yevlax rayon Gənclər və idman idarəsinin rəisi Binyamin Musayev ümumilli lider Heydər Əliyevin uzaqgörən və uğurlu gənclər siyasəti sayəsində Azərbaycan gənclərinin ölkə həyatının bütün sahələrində aktiv şəkildə iştirak etməyə başladığını bildirərək, ulu öndərin diqqət və qayğısı nəticəsində idmançıların beynəlxalq yarışlarda, olimpiya oyunlarında əldə etdikləri nəlaiyyətləri, həmçinin hazırda uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində qazanılmış uğurları diqqətə çatdırdı.
Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova 1993-cü ildə baş verən mürəkkəb tarixi siyasi hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, ümumilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atdığı cəsarətli addımları diqqətə çatdırdı.
Tədbir mövzu ilə bağlı iştirakçılar arasında aktiv müzakirə şəraitində davam etdirildi.