SAĞLAM OLMAYANDA BAL DA ZƏHƏR DADIR
Belə bir deyim var: "Ədalət xoşbəxtliyə gedən yoldur”. Böyük həqiqət yükü olan fikirdir. Həm də həyatın hər sahəsinə tətbiqi mümkün olan, uğurlu sayılan fikir.
Pandemiya ilə bağlı qadağalarla, məhdudiyyətlərlə keçən 3-cü ay başa çatdı. Dünyada pandemiya mövzusunun həyatına təsiri olmayan tək bir insan tapmaq mümkünsüzdür. Deməli, təbii fəlakət bəşəridir. Və biz şahid olduq ki, Amerika kimi supergüc pandemiya səbəbindən yüz minlərlə insan itirdi, iqtisadiyyatı çöküş həddinə çatdı. Eləcə də virusun yayıldığı Çin, İtaliya, İran nə qurbanlar verdi. Ədalət naminə söyləyək, bizdə, Azərbaycanda elə bir qorxunc mənzərə yarandımı ki, sorağı dünyanı sarmış olsun, olmadı. Niyə? Səbəbi gün kimi aydındır. Dövlət başçının vəziyyəti vaxtında düzgün dəyərləndirməsi, çevik müdaxiləsi, uğurlu nəticələrə hesablanmış qərarlar qəbul etməsi.
Son günlər pandemiya ilə mübarizə məqsədilə yaradılmış Operativ Qərargahın virusla yoluxma hallarında statistikanın artması ilə bağlı məlumatları həyəcanverici olduğu kimi karantin rejimindən mərhələli şəkildə çıxmaq planı da bir o qədər ürəyimizcədir.
Pandemiya ilə yoluxmanın son günlər artması əksər insanların onun varlığına şübhə ilə yanaşmasının nəticəsidir. Bu isə cahillikdir. Dövlət başçısı, onun xanımı iştirak etdikləri bütün tədbirlərdə qoruyucu maskalarda insanlar qarşısına çıxır, sosial məsafəni qorumaq tələbinə əməl edir. Bu, hər kəsə virusun həqiqiliyi və ciddiliyi haqqında şəxsi nümunədə bir mesajdır. Amma nə baş verir? Karantin rejiminin yumşaldılması ilə virusu ciddiyə almayan, qabaqlayıcı tədbirləri qulaqardına vuran insanların məsuliyyətsizliyi üzündən pandemiyanın ilk günləri ilə müqayisədə daha çox sayda yoluxmalar baş verməkdədir.
Həyatımızı özümüzün çıtinləşdirdiyimizin fərqindəyikmi, insanlar? Gigiyenik təmizliyə, karantin rejimi qaydalarına əməl etmənin virusun əsas və həkəlik yeganə qənimi olduğunu dünyaca ünlü virusoloqlar söyləyirlər. Madam ki, karantin rejimindən sıxılır, ən qısa zamanda normal həyata dönmək istəyir, əzizlərimizin itkisi ağrısını yaşamağı arzu etmiriksə, qaydalara uymalıyıq. Odur ki,karantin rejiminin yenidən sərtləşdirilməsi təklifi ən doğru olanıdır.
İki gün tam qapalı, təmassız həyat yaşamaq elə də qorxulu bir hal deyil. Ölkəmizin hazırkı durumu-bolluq, firavanlıq heç bir narahatçılığa əsas olmadığı göstərir.
"Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olmayanda ona fikir vermirsən”. Məşhur rus yazıçısı və senaristi Mixail Bulqakova məxsus fikirdir. Bunu unutmayaq. Onu da unutmayaq ki, sağlamlıq insanın ən qiymətli baş tacıdır.
Sitarə QARAYEVA
Yevlax Şəhəri 5 saylı tam orta məktəbin müəllimi