Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞ MƏSULİYYƏT DAŞIDIĞINI BİLMƏLİDİR

04 iyun 2020 | 16:00

Bu günlərdə Asya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bu Bankın əməkdaşları arasında keçirilən video konfransı izlədim. Burada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı durum müzakirə edilirdi.

Düzü, qürur duyurdum ki, Asya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava və başqaları Azərbaycanın bu sahədəki uğurlarından söhbət açır, ölkəmizi təqdir edirdilər. Artıq 5 aya yaxındır ki, pandemiyanı ən az itki ilə yola vermək, insanlarımızın sağlamlığı naminə mümkün olan bütün variantlara əl atmaq, bununla yanaşı qonşu ölkələrin bəzilərinə də əl uzatmaq sıradan olan məsələ deyil. 

Cənab Prezidentimiz sözügedən video konfransda bildirdi: «Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcimdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, az təminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq»

Gəlin boynumuza alaq ki, ölkəmizin inkişafı məhz ölkə rəhbərliyinin sayəsindədir. Belə olan təqdirdə pandemiya ilə mübarizədə hər hansı laqeydliyə, biganəliyə yol vermək olarmı? Yoluxanların sayının artması, sosial məsafənin gözlənilməməsi, tibbi maskalardan mütəmadi istifadə olunmaması dediyimizi sübut etmirmi?

Məhz bu sadalanan səbəblərdən həftə sonları tam qapanma vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edəcəkdir. Və bizlər, hər kəs göstərilən qaydalara riayət edərək dövlətimizin bu sahədəki siyasətinə dəstək olmalıyıq. Axı, necə yaddan çıxarmaq olar ki, pandemiya ilə ölkəmizdə aparılan gərgin mübarizə bizim davranışımızdan, məsələlərə məsuliyyətlə yanaşmamızdan, karantin rejimi qaydalarına riayətdən bir başa asılıdır.

Elə cənab Prezident İlham Əliyevin 3 iyun 2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi əslində hər birimizə nümunədir.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qaydalara riayət etməli, başqalarını da bu işə sövq etməlidir. Şəxsən mən özüm şəhərimizdə xüsusi karantin rejiminin qaydalarına əməl etməyənlərə yanaşmağı borc bilir, məsləhətlərimi verir, qınaq edirəm. Belə şəxsləri başa salmağa çalışıram ki, pandemiya vəziyyəti hələdə davam etdiyindən, virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

Əminəm ki, yevlaxlılar 2 günlük tam qapanma rejiminə də ciddi əməl edəcəklər. Bununla təkcə özümüzü yox, yaxınlarımızı yox, bütövlükdə cəmiyyətimizi qoruyacağıq.

Vaqif ƏLİYEV, Yevlax şəhər sakini, təqaüdçü

Keçidlər