Şriftin ölçüsü :

Saytın rəngi :

5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNDƏ

04 oktyabr 2013 | 15:00

«Sahil» şadlıq evinin geniş salonu bayramsayağı bəzədilmişdi. Müqəddəs peşə sahibləri olan müəllimlər öz bayramlarını bu məkanda qeyd etməyə toplaşmışdılar.
Salonda ikiqat bayram ovqatı yaşanırdı. Bu da səbəbsiz deyildi. Yevlaxın təhsil işçiləri peşə bayramlarının sevincləri ilə birgə həm də tezliklə baş tutacaq və ölkənin taleyüklü siyasi hadisəsi olan 9 oktyabr prezident seçkilərinin gətirdiyi həyəcanı da duyurdular.

İştirakçılar önündə ilk öncə ŞİH Başçısı Qoca Səmədovun müəllimlərə ünvanlanmış geniş təbrik məktubu oxundu. ŞİH rəsmisi Sevil Əliyevanın oxuduğu təbrik məktubunda son 10 ildə Azərbaycanda,  o cümlədən Yevlaxda təhsilin inkişafı sahəsində görülən işlərdən, məktəbdə başlıca sima olan müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açılır, qabaqcıl müəllimlərə, tanınan pedaqoqlara minnətdarlıq bildirilirdi.

Daha sonra bayram tədbirində söz alan ŞTŞ-nin müdiri Raquf Mirzəyev
təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına rayonun pedaqoji ictimaiyyətinin təşəkkürlərini çatdıraraq,  5 oktyabr Beynəlxalq Müəllim günü ərəfəsində Prezidentin sərəncamı ilə həmyerlimiz olan daha 3 nəfər müəllimin Vətənin yüksək adlarına, mükafatlarına layiq görüldüyü barədə bilgi verdi.
Təqaüddə olan, respublikanın əməkdar müəllimi Qiyas Quliyev, Balçılı kənd tam orta məktəbinin direktoru Xosrov Murquzov, 9 nömrəli şəhər tam orta məktəbinin direktoru Şükür Mehdiyev çıxışlarında ölkədə milli təhsilimizə böyük önəm verilməsindən, təmsil etdikləri təhsil ocaqlarının qazandığı nailiyyətlərdən söz açdılar.
Hacıselli kənd tam orta məktəbinin  gənc tarix müəllimi Sürmə Allahverdiyevanın müəllimlərə ünvanladığı məzmunlu və dolğun təbriki iştirakçılara duyğulu anlar yaşatdı.
Daha sonra təqdimat mərasimi oldu. Rayonun qabaqcıl təhsil işçilərinə  Fəxri Fərman və hədiyyələri ŞİH Başçısının müavini Zərifə Məmmədova və ŞTŞ-nin müdiri Raquf Mirzəyev  təqdim edərək, təltif olunanlara təhsil sferasında daha böyük uğurlar arzuladılar.

Müəllimlər önündə ŞİH Başçısının müavini Zərifə Məmmədova çıxış edərkən, bu bayram mənimçün olduqca əlamədardır, əzizdir, çünki mən də Sizlər kimi müəlliməm söylədi, açıqladı ki,  insanın formalaşmasında, cəmiyyətdə layiqli yer tutmasında müəllimin əvəzsiz rolu var və mən sizlərə bu çətin və şərəfli peşədə yalnız uğurlar diləyir, hamınıza peşənin gətirdiyi sevincləri dadmağı diləyirəm-dedi.
Bayram tədbirinin musiqi bər-bəzəyini şəhər Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən «Karvan» instrumental ansamblı, onun Yevlax bülbülləri adını haqq etmiş Rəşad və Vasif dueti verirdilər. Həm onların, həm də Uşaq Yaradıcılıq Mərkəzinin gənc rəqqaslarının, tanınmış qiraətçi Eldəniz Mustafayevin ifa etdiyi nömrələr tamaşaçı alqışı ilə qarşılandı

Keçidlər