Şriftin ölçüsü :

Saytın rəngi :

İslahatlar uğurla həyata keçir

27 may 2020 | 16:00

 

Son illər ölkəmizdə həyata keçirilən islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə azalmasına və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.  Bunun da nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Beləliklə də dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmış,  cari ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 1,4 mlrd. manatı üstələmişdir.
Bu proses əmək haqqı fonduna da öz təsirini göstərmiş, bu sahədə də şəffaflıq artmışdır. Belə ki, 2019-cu il və bu ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparılmış, mövcud iş yerləri qorunmuş, pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edilərək işsizlik riskindən qorunmuşdur.
Beləliklə,  şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Koronavirus dövrünün “acı nəticələri” bir daha göstərdi ki, hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır.
Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.
Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

Vüsal Nəbiyev  - sahibkar,  Yevlax rayonu

Keçidlər