Şriftin ölçüsü :

Saytın rəngi :

«VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARI VƏ PREZİDENT SEÇKİLƏRİNDƏ SEÇİCİLƏRİN FƏALLIĞININ ARTIRILMASI»

13 noyabr 2013 | 16:00

«Polisə dəstək» İctimai Birliyinin Rayon Polis Şöbəsinin akt zalında keçirdiyi seminarın mövzusu belə idi.
İctimaiyyət, bələdiyyə və icra nümayəndəliklərinin təmsilçilərinin iştirak etdiyi tədbiri Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Natiq Məşədiyev açaraq ölkənin siyasi həyatı üçün əlamətdar olan bir vaxtda belə bir mövzuya yer ayrılmasını təqdir etdi.

Sonra «Kür» qəzetinin baş redaktoru, əməkdar jurnalist, «Polisə dəstək» ictimai birliyinin üzvü Əminə Yusifqızına verildi. Əminə xanım ilk olaraq «Polisə dəstək» İctimai Birliyi haqqında danışdı, onun üzvləri sırasında olmaqdan məmnunluğunu ifadə etdi. Fikirlərini davam etdirərək o, daha sonra asayişin, insan hüquq və azadlıqlarının qorunmasında polisin rol və vəzifələrindən, polis-vətəndaş əməkdaşlığının önəmindən söz açdı.

«Polisə dəstək» İB-nin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələrindən bəhs etdi, xüsusilə  seçki hüquqları barədə ətraflı danışaraq bildirdi ki, ölkədə mövcud olan demokratik mühit, qanunların aliliyi hər bir insanın seçmək və seçilmək hüququnu ləyaqətlə yerinə yetirməsinə şərait yaradır.
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini auditoriya ilə bölüşən Ş.Əliyev bu mühüm siyasi kampaniyada insanların daha ayıq-sayıq olmalarının, ən doğru seçim etmələrinin vacibliyini vurğuladı. Ölkəmizdə son on ildə həyata keçirilən irimiqyaslı tikinti-yenidənqurma işlərindən, iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə aparılan səmərəli islahatlardan, siyasi azadlıqlardan ətraflı danışan natiq xarici siyasət uğurlarımızdan da faktlarla söz açdı. Bildirdi ki, məhz bu uğurlara görə qarşıdakı 5 il üçün ölkəyə rəhbərlik etmək iddiası ilə çıxış edənlərlə bağlı aparılan sosial sorğuların nəticələrinə görə, ölkə Prezidenti, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları respondentlərin böyük əksəriyyəti tərəfindən ən layiqli namizəd olaraq dəyərləndirilir.
Tədbir iştirakçılarından ziyalı Tofiq Qarayev, təqaüddə olan polis mayoru Sabir Əliyev, Aşağı Bucaq kənd bələdiyyəsinin sədri Vəliyəddin Əhmədov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev seminarda səslənən fikirlərlə həmrəy olduqlarını, prezident seçkilərində vətəndaş fəallığının artırılmasının vacibliyini bildirdilər və belə bir aktual mövzuya müraciət etdiklərinə görə «Polisə dəstək» İctimai Birliyinə, şəxsən Şəmsəddin Əliyevə yevlaxlılar adından təşəkkürlərini bildirdilər.

Keçidlər