Yevlaxda "Sonsuz dəhliz" filmi nümayiş olunub
Xocalı qətliamının qurbanlarına ithaf olunan, bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi Yevlaxda nümayiş etdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan və Xocalı qətliamının qurbanlarına ithaf olunan, bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi Yevlaxda nümayiş etdirilib. Yevlax Xalq Teatrında nümayiş olunan filmi ictimaiyyət nümayəndələri və məktəblilər izləyiblər.“Sonsuz dəhliz” filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə jurnalist o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı soyqırımından sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Ekran əsəri şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir.
“Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.Yevlax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Aysu Məmtiyeva deyib: "Xocalı faciəsi barədə məlumatım çoxdur. Kitablardan, televiziya və internetdən ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə çox məlumat almışam. Bu gün biz "Sonsuz dəhliz" sənədli filmini izləyərkən faciə ilə bağlı daha dolğun məlumatlar əldə etdik, hadisənin şahidlərini izlədik".Digər şagird Göyçək Quliyeva isə fikirlərini belə ifadə edib: "Sonsuz dəhliz" filmini izləyərək Xocalı sakinlərinin acılarını daha dərindən hiss elədik. Filmin çəkilişində əməyi olanlara və bugünkü nümayişi təşkil edənlərə təşəkkürümü bildirirəm".