Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüb, rayonun sosial-iqtisadi inkişafını əks etdirən videoslayda baxıblar.
Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin məruzəsi dinlənilib. Bildirilib ki, 2019-cu ildə Yevlax şəhərində 11 saylı Vergilər Departamentinin inzibati binası istifadəyə verilib, Aran qəsəbəsindəki Mədəniyyət evində və musiqi məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yevlax şəhərinin Şadlinski küçəsinin bir hissəsi əsaslı təmir edilib, 7 min kvadratmetr asfalt işləri görülüb. Pişəvəri küçəsinə 3635 kvadratmetr asfalt örtük salınıb, 564 poqonmetr səki daşları düzülüb. Heydər Əliyev, Nizami prospektlərində, dəmir yolu meydanında işıqlandırma sistemi yenidən qurulub, Bakı-Ələt-Gürcüstan avtomobil yolunun şəhərin daxilindən keçən hissəsinin işıqlandırma sistemi bərpa edilib, transformator məntəqəsi quraşdırılıb. 20 Yanvar Abidə Kompleksi əsaslı təmir olunub. Tezliklə 31 Mart Soyqırımı abidəsi də təmir ediləcək.
Hazırda Yevlax şəhərində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Data Mərkəzinin, 45 mənzilli yaşayış binasının tikintisi aparılır, Yevlax-Zaqatala avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi yenidən qurulur. Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur, beşmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilir, Dədə Qorqud parkı yenidən qurulur.
Yığıncaqda qeyd olunub ki, Yevlax şəhəri daha inkişaf edəcək, gözəlləşəcək. Qarşıda duran əsas vəzifənin sakinlərin sosial problemlərinin həllinə yönəldilən tədbirlərin həyata keçirilməsi olduğunu bildirən şəhər icra hakimiyyətinin başçısı deyib: "Araşdırmalar nəticəsində müəyyən edilib ki, Yevlax şəhərində 35 ictimai yaşayış binasının dam örtüyünün əsaslı təmirinə ehtiyacı var. Daha 15 yaşayış binasının dam örtüyü də qəzalı vəziyyətdədir. Bu binalar və onların dam örtükləri mərhələli şəkildə təmir ediləcək. Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi istiqamətində xeyli iş görülməlidir. Şəhərdəki mövcud istirahət parkları yenidən qurulacaq. Məqsədimiz Yevlaxdakı parkların böyük şəhərlər səviyyəsindən də üstün olmasına nail olmaqdır. Şəhərdaxili yollar, küçə və meydanlar da mərhələlərlə günün tələblərinə uyğun təmir ediləcək. Bu il Kamil Sabitov küçəsinin yenidən qurulması nəzərdə tutulur".
Məlumat verilib ki, Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədilə dövlət başçısının Sərəncamına əsasən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir. Rayonun 3 kənddə qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə, rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcək.
Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün son üç ayda rayonda 3 yeni transformator quraşdırılıb, 406 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunub, yeni elektrik xətləri çəkilib. Bu istiqamətdə, həmçinin şəhərin giriş və çıxış yollarının, meydanların işıqlandırılması bərpa olunacaqdır. Səmədabad-Qaraməmmədli yolunda İncə çayının üzərindəki və Tanrıqulular kəndində Kürək çayın üzərindəki körpülərin tikintisi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb. Yayı isti və quraq keçən Yevlaxda yaşıllıqların artırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq şəhər ərazisindən keçən magistral avtomobil yollarının və yaşayış binalarının həyətlərində yaşıllıqların artırılması, küçə və meydanlarda çəmənliklərin, güllüklərin salınması nəzərdə tutulub. Artıq payız aylarından bu işlərə başlanılıb və il ərzində davam etdiriləcək.
Təhsil sahəsindən bəhs edilərkən bildirilib ki, 2019-2023-cü illəri əhatə edən regionların inkişafı Dövlət Proqramına əsasən rayonda 4 məktəb üçün yeni binaların tikilməsi, 4 məktəbin isə əsaslı təmir olunması nəzərdə tutulub. Artıq Qoyunbinəsi kənd tam orta məktəbinin tikintisi üçün torpaq sahəsi ayrılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Rayondakı uşaq bağçalarının da əsaslı və cari təmirinə, avadanlıqla təminatına ehtiyac var. Bu il iki uşaq bağçasının təmir olunması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə Yevlax rayonunda məhsul buraxılışının həcmi 675,5 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 6 milyon manat və yaxud 0,9 faiz çoxdur. Məhsul buraxılışının 13,6 milyon manatını sənaye, 97,7 milyon manatını kənd təsərrüfatı, 28,3 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 32 milyon 554 min manat olub. Adambaşına 5233,6 manat daxili məhsul istehsal olunub ki, bu da 2018-ci illə müqayisədə 22 manat və yaxud 0,4 faiz çoxdur.
Yığıncaqda aqrar sahədən də ətraflı bəhs edilib. Bildirilib ki, Yevlaxda pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulub. Aran qəsəbəsində şəkər zavodunun tikintisi, istixana kompleksinin və sənaye parkının yaradılması üçün torpaq sahələri ayrılıb. Bu obyektlərin fəaliyyətə başlaması kənd təsərrüfatı məhsulların istehsalının daha da artmasına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, aqrar sahənin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb.
Sonda 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan İsrayıl Hüseynova 2-ci dərəcəli “Əmək” ordeni təqdim edilib. "Tərəqqi" medalı ilə təltif edilmiş Qənimət Qaraşova və Telli Kərimxanovaya, eləcə də idman yarışlarında qələbə qazanmış gənclərə hədiyyələr verilib.