Yevlaxda Həmrəylik günü və yeni il münasibəti ilə təntənəli konsert keçirilib
Yevlaxda Həmrəylik günü və yeni il münasibəti ilə təntənəli konsert keçirilib
Yevlax şəhərinin mərkəzi meydanında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni İl münasibəti ilə Respublikanın tanınmış sənət adamlarının iştirakı ilə təntənəli bayram konserti keçirilmişdir. Yevlax Şəhər İcra hakimiyyətinin başçısı Anar Tağıyev, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, aqrorsektorda çalışanların, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələrinin, minlərlə Yevlax sakinlərinin iştirakı ilə keçən konsertdə əsl bayram abu havası yaşanmışdır. Qeyd olundu ki, 31 dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. Populyar müğənni Sevda Yəhyayeva və gənc incəsənət xadimlərinin, rəqs kollektivlərinin iştirakı ilə 2 saatdan çox davam edən konsert proqramında ifa edilən mahnı və rəqslər hər bir yevlaxlının qəlbinə sevinc bəxş etmişdir. Sevinc və coşqu dolu yevlaxlılar ölkə rəhbərliyinin Yevlax rayonuna olan diqqətini vurğulayaraq gördüyü işləri bir daha dəstəklədilər və ona uğurlar arzuladılar.
Tədbir əzəmətli atəşfəşanlıqla başa çatmışdır.