“Ölkəmizi tanıyaq” layihəsinə qoşulan Yevlax məktəbliləri şimal bölgəsinə yola düşüblər
Tur-aksiyada iştirak edən məktəblilər və valideynlərlə keçirilən görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və başqaları çıxış edərək, məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.
Bildirilib ki, respublikamızın şimal bölgəsi ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. Yevlax rayonunun məktəbliləri 4 gün ərzində Quba rayonunda Cümə məscidi, Qırmızı qəsəbə, Quba soyqırımı Memorial kompleksi, Quba Xalçaçılıq emalatxanası, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü ilə tanış olacaq, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, “Şəxsiyyətlər Muzeyi", Çənlibel parkına və “Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolarla, tarixi sənədlərlə tanış olub, şəhərin mərkəzi meydanında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra şimal bölgəsinə yola düşüblər.