“AZƏRBAYCAN AİLƏSİ” MÖVZUSUNA HƏSR EDİLMİŞ KONFRANS
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu günlərdə Heydər Əliyev Sarayının kiçik salonunda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Konfransda Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Zeynalov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda giriş sözü ilə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev vurğulayıb ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.Fondun icraçı direktorunun müavini C.Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliyi ilə seçilib ki, bu da milli- mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva vurğulayıb ki, bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır və bu problemlər boşanma hallarının artmasına səbəb olur. Boşanma zamanı daha çox uşaqlar zərər çəkir və psixoloji sarsıntılara məruz qalırlar. Psixoloq çıxışını “Ailə psixoloqu” institutunun yaradılması, mövcud “məktəb psixoloqu”, “ağsaqqallar institutları”nın fəaliyyətinin gücləndirilməsi bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdən olduğu fikri ilə tamamlayıb.
ŞİH rəsmisi Fəxrəddin Zeynalov çıxışında sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğunu deyib.
Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.