ŞƏHİDLƏRİN QANI YERDƏ QALMADI
Qanlı yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbiri Yevlax Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Natiq Həsənov açdı. O illərdə baş vermiş hadisələr barədə konkret fikrini söylədi. Vətənin ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə yüksələnlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və dövlət himni səsləndirildikdən sonra söz 5 nömrəli tam orta məktəbin tarix müəllimi Əmiraslan Bəşirova verildi. O, faciənin başvermə səbəblərini xronoloji ardıcıllıqla iştirakçıların diqqətinə çatdırdı. Onu da xüsusilə vurğuladı ki, bu faciə qırmızı imperiyanın, ermənipərəst Qorbaçovun əvvəlcədən düşünülmüş ssenarisi əsasında törədilmişdir.
Həmin faciəli günlərdə xalqımız qanına qəltan edilsə də mübarizlik əzmimiz qırılmadı. Məhz həmin gündən ölkədə milli azadlıq hərəkatının sarsılmaz təməli qoyuldu.
Rayon Polis Şöbəsinin rəis köməkçisi, polis polkovnik-leytenantı Şəmşir Vəliyev isə çıxışında qeyd etdi ki, həmin günlərdə Azərbaycan milisi də Respublikamızın ərazi bütövlüyünü, müstəqilliyini bərpa etmək naminə etiraz səsini ucaldan xalqın tərəfinə keçdi. Bununla da milyonlarla vətənpərvərlərimiz kimi o vaxt sovet milisi adını daşıyan əməkdaşlarımız vətənə sədaqətlərini bir daha nümayiş etdirdilər.
Ulu öndərin müdrik siyasəti, böyük dövlətçilik qabiliyyəti sayəsində şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmiz öz dövlət müstəqilliyini və suverenliyini əldə etdi.