Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMXALQ KƏDƏRİNİ ÜMUMXALQ QÜRURUNA ÇEVİRƏN TARİX

21 yanvar 2013 | 16:00

20 Yanvar faciəsinə və faciənin qurbanlarının xatirəsinə Mili Təhlükəsizlik Nazirliyi Yevlax şöbəsində düzənlənən tədbirin iştirakçıları öncə Şəhidlər Xiyabanında uyuyanların qəbri üzərinə təzə-tər qərənfillər düzdülər. MTN-nin Yevlax şöbəsinin inzibati binasında tədbir öz işinə davam etdi. İştirakçılar qanlı olaylara həsr olunmuş guşə ilə tanış oldular. Onu da qeydə dəyər ki, sözügedən tədbirə şəhərimizin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar qatılmışdılar.
Sonra tədbir Dəyirmi Masa arxasında davam etdirildi. Dövlət himni səsləndi.
MTN-nin Yevlax şöbəsinin rəisi, polkovnik Babək Məmmədov Hüzn gününə həsr olunmuş dolğun, ətraflı, faktlara və arqumentlərə söykənən, həm də xalqımızın milli qüruruna çevrilən bu siyasi olaylara həsr etdiyi məruzəsində vurğuladı: Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
23 il əvvəlin qanlı-qadalı, müdhiş olaylarına ekskurs edən, onlara analitik tərzdə qiymət verən natiq onu da qeyd etməyi lazım bildi ki, SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi «Udar» adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı «ALFA» və SSRİ DTK-nın «A» təxribat qrupları oynayırdı, sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdır, qətlə yetirilənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı Moskvada yaşayan ulu öndər Heydər Əliyev verdi. Ümummilli liderimiz sovet rəhbərlərinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi, faciənin iştirakçıları və icraçılarının cəzalandırılmasını tələb etdi.
Natiq çıxışının sonunda əmin olduğunu bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılacaq Qələbə günü uzaqlarda deyil!
23 il əvvəl baş vermiş qanlı, faciəli, həm də xalqımızın qürur və ləyaqət simvoluna çevrilən olaylarla bağlı məruzəsini natiq optimist notlarla başa vurdu: Hər ilin bu tarixində minlərlə insan Şəhidlər Xiyabanına üz tutur, Azadlıq uğrunda canından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər. Nəsillər dəyişəcək, lakin baş verənlər unudulmayacaq, Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
 

Keçidlər