Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ

12 dekabr 2018 | 16:00

MÜSTƏQİLLİYİN BANİSİ

Tarixdə iz qoymuş dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycanın hərtərəfli intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və qürur yerimizdir. Amma dahilərin içərisində ümummilli liderlik zirvəsinə çatan yalnız Heydər Əliyevdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tariximizin milli liderlər salnaməsində ən öndə olanı ulu öndər Heydər  Əliyev  xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltmışdır. Ümummilli Lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır.Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onun bugünü və sabahı ilə yaşayan bir rəhbər idi.Hər bir Azərbaycan vətəndaşının həyatında Heydər Əliyevin xüsusi yeri var. Azərbaycanlılığı ilə fəxr edən, doğma torpağını bütün dünyaya tanıdan Heydər Əliyev müstəqilliyimizin qoruyucusu, dövlətimizin banisi və qurucusudur.Ümummili Liderin inkişaf strategiyasının tarixi 49 il öncədən başlayır. 1969-cu il iyunun 14-ü həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub.

Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Qanunsuz silahlı dəstələr ləğv edildi, cəbhə bölgəsində uzunmüddətli atəşkəsə nail olundu, ölkədə möhkəm sabitlik yaradıldı. Başlıcası, Azərbaycan ətrafında yaradılmış informasiya blokadası dağıdıldı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, sərbəst bazar iqtisadiyyatı prinsipləri bərqərar olundu, xalqın rifahını və həyat şəraitini yaxşılaşdırmaq yolunda ardıcıl tədbirlər görülməsinə başlandı.

Bütün təxribatlara baxmayaraq, 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətlərinin iştirak etdiyi “Əsrin müqaviləsi” neft kontraktı imzalandı.
Bütün bu uğurlar Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev siyasətinin nəticəsində əldə edildi. Buna görə də Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib.
Bu gün xalqımızın ən böyük xoşbəxtliyi Heydər Əliyevin müəyyən etdiyi yolun uğurla davam etdirilməsidir. Ümummilli lider Heydər Əliyevdən cismən ayrıldığımız ötən 15 ildə dövlət quruculuğu, iqtisadi və siyasi sahədə qazanılan uğurlar da göstərir ki, onun ideyaları həmişəyaşar və məğlubedilməzdir.

Keçidlər